Azərbaycan Dövlət İnformasiya Agentliyi

Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib YENİLƏNİB VİDEO

Roma, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda iştirak edib.

Tədbirin aparıcısı: Hamınızı salamlayıram. Bu gün burada bu qədər çox olduğunuza görə sizə təşəkkür edirəm. Bu gün biznes forumu açıq elan edirik. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi burada gördüyümə çox şadam və şərəf hissi keçirirəm. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirini burada görməkdən çox məmnunam. Vaxt itirmədən sözü Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinə verirəm.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri biznes forumda çıxış etdi.

Nazir Luici Di Mayonun
çıxışı

- Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev.

Əziz həmkarım Xarici İşlər naziri, hörmətli iş adamları, xanımlar və cənablar.

Bu gün sizi Xarici İşlər Nazirliyində görməkdən, xüsusilə də hörmətli Prezident cənab Əliyevlə birlikdə forumda iştirakdan çox böyük məmnunluq hissi duyuram. Bu gün burada olan nazirləri, eləcə də həm İtaliya, həm də Azərbaycan tərəfdən forumda iştirak edən iş adamlarını, dövlət qurumlarının nümayəndələrini salamlayıram.

Biz qeyd etmək istəyirik ki, İtaliya Aralıq dənizi və Avropa, Afrika və Asiya ilə bir yerdə böyük bir körpü təşkil edir. Bu körpü Avropa ilə Asiya arasında strateji tərəfdaşlığa malikdir. Azərbaycan və İtaliya istər tarixi, istərsə də coğrafi cəhətdən qədim ölkələrdir. Məşhur italyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycan haqqında, Yanardağ haqqında danışmışdır. O, hələ XIII əsrdə iş adamlarına, yəni, o vaxtın tacirlərinə Azərbaycan haqqında məlumat vermişdir.

Azərbaycan ilə İtaliya arasında münasibətlər həm dostluq əlaqələrinə əsaslanır, həm də mədəni, etnik, dini və müxtəlif dilləri birləşdirən dialoq üzərində qurulmuşdur. Sizin bu gün İtaliyaya səfəriniz ilk dövlət səfərinizdir. Bu, bizim əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir.

Roma ilə Bakı arasındakı dostluğu və yaxınlığı Sizin İtaliyaya bu səfəriniz bir daha təsdiqləyir. Son illərdə İtaliya ilə Azərbaycan arasında ticari əlaqələr möhkəmlənib. Bu, bizim əlaqələrimizin dinamik şəkildə inkişafına böyük dəstək verib.

Dünən Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizə növbəti dəstək verəcək. Biz bilirik ki, bu əlaqələr təkcə energetika sahəsində deyil, eləcə də Roma ilə Bakı arasında olan körpünü özündə birləşdirir və münasibətlərimizin daha geniş şəkildə inkişafına kömək edəcək.

İtaliya Azərbaycanın birinci ticari tərəfdaşı hesab olunur. On ildən az müddətdə bizim ticari əlaqələrimiz 70 faizə qədər artıb. Son on ildə İtaliyanın Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. Bu gün burada iştirak edən italyan şirkətləri müxtəlif sahələr - nəinki neft və qaz sahəsi, eləcə də digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu şirkətlərin əlaqələrimizin inkişafına öz dəstəyini verməsi gözlənilir. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir.

Bizim münasibətlərimiz mühüm strateji əməkdaşlığımızı bir daha təsdiq edir. Həqiqətən də Azərbaycan hökumətinin iqtisadiyyat sahəsində, eləcə də iş adamları ilə münasibətləri möhkəmlətmək istiqamətində göstərdiyi səylərə görə çox böyük minnətdarlığımızı bildiririk. Hökumət biznes mühitinin, eləcə də KOB-ların və digər iş adamlarının hüquqi sistem baxımından qorunmasına böyük dəstək göstərir. Biz buna görə də təşəkkürümüzü bildiririk.

Bizim 100-dən çox şirkətimiz hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə biz Azərbaycanda fəaliyyət göstəririk. Təbii ki, bu, şirkətlərimizə Azərbaycanda göstərilən böyük dəstəyin nəticəsidir.

Cənab Prezident, mən bilirəm ki, bizim sənaye sahəsində əməkdaşlığımızı gücləndirmək üçün lazımi şərtlərimizin hamısı var. Biz bu fürsətləri, eləcə də imkanları bir yerdə dəyərləndirməliyik.

Mən bu gün biznes forumun əsas sektorlarını düşünəndə demək istəyirəm ki, İtaliya bütün bu sahələr üzrə dünya səviyyəsində böyük təcrübəyə malikdir. Məsələn, infrastruktur və nəqliyyat sahəsində İtaliya dünya səviyyəsində özünün əvəzolunmaz rolunu oynamışdır. Xüsusən də bu, şirkətlərin beynəlmiləlləşdirilməsi və KOB-lara dəstək verilməsində böyük rol oynayır. Biz əminik ki, italyan şirkətlərinin bacarıqları sizə kömək edəcək. Bu sahədə göstərdiyi dəstəklə, yeni İpək Yolunun yaradılması ilə Azərbaycan əsas nəqliyyat habına çevrilib. Məsələn, yeni Ələt Limanında xüsusi iqtisadi zonanın yaradılması buna misaldır.

Aqrar sənayedə bizim şirkətlərimiz texnologiya və istehsal səviyyəsi baxımından dünyada birincidir. İtaliya şirkətləri xüsusən də kənd təsərrüfatı avadanlığının təkmilləşdirilməsi üzrə ixtisaslaşmışdır. Həmin avadanlıqlar əsasən ətraf mühitin qorunmasında xüsusi rol oynayır. Bunun hesabına bizim kənd təsərrüfatımız istixana qazını 50 faiz azaldıb. Təbii ki, bu, Avropa İttifaqındakı digər ölkələrə nisbətən ən yaxşı göstəricidir.

Bərpaolunan energetika və ekodayanıqlı texnologiya sahəsində İtaliyanın uzunmüddətli təcrübəsi var. Günəş, külək və geotermik sahələrdə bərpaolunan enerji mənbələrinin istifadəsində zəngin təcrübəyə malikik. İtaliyanın 432 minə yaxın şirkəti son 15 ildə biotexnologiyaların inkişafına öz dəstəyini göstərmişdir. Xüsusilə biotexnologiyalar sahəsində şirkətlərin sayı 31,2 faiz təşkil edir, emal sahəsində isə 35,8 faiz.

Mən əminəm ki, Abşeron ərazilərinin münbitləşdirilməsində italyan şirkətləri böyük rol oynaya biləcəklər. Eləcə də demək istəyirəm ki, italyan şirkətləri infrastruktur, maşınqayırma, aqrar sənaye, rəqəmsallaşdırma, əczaçılıq və tekstil sahələrində fəaliyyət göstərməkdə çox maraqlıdırlar. İtaliya hökuməti də buna böyük dəstək göstərir. Çünki bildiyiniz kimi, ticari siyasətin strategiyası və beynəlmiləlləşdirilməsinin genişlənməsi ilə bağlı İtaliya hökuməti şirkətlərə öz dəstəyini göstərir. Burada əsas məqsəd şirkətləri xarici bazarlarda təqdim etmək və bu şirkətlərin sayını daha da artırmaqdır. Bu şirkətlərin, assosiasiyaların, eləcə də digər şirkətlərin bunu etməkdə əsas məqsədi onların həqiqətən güclü “nou-hau”ya malik olmasıdır. İtaliya hökumətinin məhz iş adamlarına dəstək verməsi onların Azərbaycanda fəaliyyət göstərməsinə kömək olacaq.

Cənab Prezident, mən bir daha Sizə təşəkkürümü bildirirəm. Çünki bu gün Sizin və eləcə də iş adamlarının burada iştirakı ölkələrimiz arasında qarşılıqlı əlaqələri daha da dərinləşdirəcək. Əminəm ki, bu, bizim əlaqələrimizdə yeni bir addım atmağa kömək edəcək. Hamınıza təşəkkür edirəm.

x x x

Sonra biznes forumda Azərbaycan Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli cənab nazir. 

-Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Mən çox şadam ki, İtaliyaya dövlət səfərim çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilir. Əminəm ki, forum çox məhsuldar olacaq və forumun işi nəticəsində iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə qalxacaqdır. Mən buna əminəm. Bunu deməyə əsas verən bir çox amillər var. Bildiyiniz kimi, bu gün mənim İtaliyaya dövlət səfərimin sonuncu günüdür. Prezident Mattarellanın dəvəti ilə mən gözəl ölkənizdə dövlət səfərindəyəm və bu, münasibətlərimizin çox yüksək səviyyədə olmasının təzahürüdür. 2018-ci ildə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə idi və deyə bilərəm ki, o səfərdən sonra iki dövlət arasındakı əlaqələrə çox güclü təkan verilmişdir. Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır. Bu sənədlərin arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik.

O ki qaldı, iqtisadi sahəyə, cənab nazirin dediyi kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır.

Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik. Dünən Nazirlər Şurasının Sədri cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda keçiriləcək təntənəli rəsmi mərasimə dəvət etdim. O da bu dəvəti qəbul etdi.

Azərbaycan və İtaliya Cənub Qaz Dəhlizinin iki məntəqəsində yerləşir. Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilmişik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik.

Eyni zamanda, indi bizim əsas vəzifəmiz TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Dünən mən işçi nahar əsnasında İtaliyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşəm. Onların bir çoxu Azərbaycanda artıq uzun illərdir ki, fəaliyyət göstərirlər, bir çoxları isə fəaliyyətə başlamaq istəyirlər. Biz də bunu istəyirik və imzalanmış kontraktlar cənab nazirin qeyd etdiyi kimi, milyardlarla avro həcmindədir. Əminəm ki, gələcək əməkdaşlıq daha da genişmiqyaslı olacaq. Çünki strateji tərəfdaşlar kimi biz ticarət və biznes sahələrində də bir-birimizi dəstəkləməliyik.

Hesab edirəm ki, gələcək əməkdaşlıq üçün bir çox sahələr seçilə bilər. Əslində, bu sahələr dünən və bu gün imzalanmış və imzalanacaq sazişlərdə öz əksini tapıb. Mən nəqliyyat sahəsini xüsusilə qeyd etmək istərdim. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında nəqliyyat infrastrukturu baxımından Azərbaycan dünyada 34-cü yerdədir. Dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Azərbaycan - açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb. Hazırda biz Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan Dəmir Yolları ilə İtaliyanın müvafiq qurumları arasında məsələ öz həllini tapıbdır. Biz İtaliyadan dəmir yolu texnikası alacağıq.

Kosmik sənaye də çox perspektivli sahədir. Azərbaycanın artıq 3 peyki vardır. İtaliyanın bu sahədə əldə etdiyi təcrübə bizim üçün çox maraqlıdır. Bu günə qədər iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələr olmayıb. Ancaq dünən imzalanmış sənədə görə biz artıq bu sahədə də əməkdaşlığı davam etdirəcəyik.

Sənaye istehsalının artması və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işində İtaliya şirkətləri bizə kömək göstərirlər. Cənab Mattarellanın səfəri çərçivəsində biz böyük neft-kimya müəssisəsinin açılışında bərabər iştirak etmişik. İtaliyanın aparıcı şirkətlərindən biri Azərbaycanda təqribən 1 milyard dollara yaxın dəyəri olan iki böyük sənaye müəssisəsi istifadəyə vermişdir. Yəni podratçı kimi işləmişdi. Hazırda həmin şirkət Azərbaycanda neftayırma zavodunun yenidən qurulmasında fəal iştirak edir. İmzalanmış kontraktların məbləği 800 milyon avrodan çoxdur. Bu, hələ başlanğıcdır və əminəm ki, Azərbaycanın gələcək sənaye inkişafında İtaliya şirkətləri öz rolunu oynayacaq.

Bildirməliyəm ki, keçən il Azərbaycanın qeyri-neft sənayesi 16 faiz, bu ilin yanvar ayında isə təqribən 14-15 faiz artmışdır. Bu, onu göstərir ki, sənaye istehsalına çox böyük diqqət göstərilir və özəl sektor bu sahəyə böyük investisiyalar qoymaqdadır. Əminəm ki, bundan sonra da bu istiqamətdə işlər aparılacaq.

Mən dünən imzalanmış sənədlər arasında birini də xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye kompleksinə aiddir. Bu da bir başlanğıcdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Ancaq imzalanmış memorandum əsasında bu əməkdaşlığa start verilir. Əminəm ki, bu ilin sonuna qədər bütün lazımi texniki və kommersiya şərtləri razılaşdırılacaq və beləliklə, biz hərbi sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik.

Cənab nazirin dediyi kimi, İtaliya şirkətlərinin kənd təsərrüfatı sahəsində çox böyük təcrübəsi var. Şirkətlərin bəziləri Azərbaycanda fəaliyyət göstərir. Hətta bir İtaliya şirkəti Azərbaycanda şərabçılığın inkişafı ilə məşğul olur və çox uğurla məşğul olur. O şirkətin istehsal etdiyi məhsul xarici bazarlara da ixrac edilir. Biz bu sahəyə də xüsusi əhəmiyyət veririk. Keçən il Azərbaycanda rekord səviyyədə-təqribən 200 min ton üzüm tədarük edilmişdir. Həmin üzümün əsas hissəsi texniki sortlardır. Ona görə hesab edirəm ki, şərabçılığın inkişafı çox perspektivli sahədir. İtaliyanın bu sahədə zəngin təcrübəsi var. Azərbaycanın da təcrübəsi var və müvafiq bazarlara çıxış üçün bizim heç bir problemimiz yoxdur.

Kənd təsərrüfatının digər sahələrini də qeyd etmək istərdim. İtaliyanın zeytunçuluq sahəsində böyük təcrübəsi var. Azərbaycan artıq zeytun yağlarını ixrac etməyə başlamışdır. Biz İtaliya şirkətlərini bu sahəyə məsləhətçi və podratçı kimi dəvət edirik. Fındıqçılıqda Azərbaycan və İtaliya dünya miqyasında aparıcı istehsalçılardır. Biz deyəsən, üçüncü-dördüncü yerləri bölüşürük və bu sahənin də çox böyük perspektivi var. O cümlədən Azərbaycan İtaliyaya fındığın ixracı ilə məşğuldur və bilirəm ki, İtaliya şirkətlərinin bu sahəyə böyük marağı var. Biz onları dəvət edirik ki, Azərbaycanda bu və digər sahələri bizimlə bərabər inkişaf etdirsinlər. Çünki indi Azərbaycanda yeni texnologiyaların tətbiqi nəticəsində məhsuldarlıq kəskin şəkildə artır. İtaliyanın bu sahədə böyük təcrübəsinin olması, əlbəttə ki, bu əməkdaşlığı şərtləndirir.

Hesab edirəm ki, İtaliyanın turizm sahəsində nadir təcrübəsi var. İtaliya turistlərin sayına görə zənnimcə, dünyada birinci, ya ikinci yerdədir. Azərbaycanda da bu sahə inkişaf edir. Keçən il turistlərin sayı təqribən 20 faizə yaxın artıbdır. Şadam ki, son üç il ərzində İtaliyadan Azərbaycana gələnlərin sayı təxminən 40 faiz artmışdır. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.

Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsindəki əməkdaşlığı xüsusilə qeyd etmək istərdim. Artıq səkkiz ildir ki, Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizaminin abidəsi ucalıb. Azərbaycanın Romada Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi ilə bağlı müvafiq addımlar atılıbdır. Şəhərin mərkəzində gözəl bina alınıbdır və əminəm ki, yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə başlayacaq.

Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik. Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.

Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.

O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası - IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.

Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.

Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır.

Mən vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, biznes forumun çox böyük gündəliyi var və İtaliya şirkətlərini maraqlandıran bütün suallara cavablar veriləcək. Çıxışımın sonunda bir məsələni qeyd etməliyəm. Artıq hökumət üzvlərinə bu barədə mənim tərəfimdən müvafiq göstəriş verilib ki, Azərbaycan və İtaliya dünəndən strateji tərəfdaşlar kimi əlaqələrimizin tarixində yeni səhifə açıblar. Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq biznes sahəsində də olmalıdır. İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar. Biz bunu arzulayırıq. Əminəm ki, İtaliya şirkətlərinin də marağı bizim marağımızla üst-üstə düşür. İnanıram ki, biznes forum bu istiqamətdə önəmli addım olacaqdır.

Göstərilən qonaqpərvərliyə görə bir daha həm Prezident Mattarellaya, həm Baş Nazir Konteyə, nazir Di Mayoya dərin təşəkkürümü bildirirəm. İtaliya xalqına daimi firavanlıq və xoşbəxtlik arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib YENİLƏNİB VİDEO

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb

Aİİ-də Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub

Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

Tarixi nailiyyətin təntənəsi: BDU-da Dövlət Suverenliyi Günü qeyd edilib

Şərqşünas-alim Buxarest Universitetində məruzə edib

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub

Hacıqabulda şagirdlər yol nişanları barədə məlumatlandırılıb

Azərbaycanlı doktorant Barselonada beynəlxalq konfransda məruzə edib

Azərbaycan Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub

“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” - elmi konfrans

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Goranboyda aqrar layihələr genişləndirilir - 2026–2030 Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Batumidə regionun Mərkəzi Banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb

“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb

® 617 balla baytarlığı seçdi: “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” gələcəyin baytarına dəstək oldu

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH

Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqla bağlı təkliflər nəzərdən keçirilib

Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb

Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır

“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları - ŞƏRH

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb

Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur - RƏY

Rusiyanın “Orfey” radiosu efirini Üzeyir Hacıbəylinin irsinə həsr edib

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur – ŞƏRH

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır

Nadir Məmmədli: Şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir

Naxçıvanda 17 qadın sahibkarın layihəsinə 700 min manata yaxın güzəştli kredit ayrılıb

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar - ŞƏRH

Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir

Qafqaz və Türk dünyası: Prezident İlham Əliyevin strateji konsepsiyasındakı əsas istiqamətlər - TƏHLİL

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

“Milli ruhun səsi” Gəncədə səslənib

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Türk dünyasının strateji subyektliyi: gücün yeni institusional məntiqi - ŞƏRH

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir