Respublika Uşaq Kitabxanası ilə şagirdlər arasında növbəti online görüş keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbin 4-cü sinif şagirdləri, uşaq yazarı Reyhan Yusifqızı və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında növbəti online görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində məqsəd koronavirus infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın virtual xidmət göstərdiyi günlərdə oxuculara saytdan düzgün istifadə qaydalarını izah etmək, evdə qaldıqları müddətdə onlara maarifləndirici tövsiyələr vermək olub.
Görüş zamanı Ş.Qəmbərova uşaqlara uşaq ədəbiyyatından, kitabxananın internet ünvanında edilən yeniliklərdən və onlardan düzgün istifadə qaydalarından, eləcə də karantin müddətində kitabxananın həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. O, uşaqları karantindən sonra kitabxanaya ekskursiyaya dəvət edib.
Uşaq yazıçısı Reyhan Yusifqızının da iştirak etdiyi görüşdə uşaqlarla maraqlı diskussiyalar aparılıb və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Yazıçı, uşaqlara yeni çap olunmuş kitabları haqqında maraqlı məlumatlar verib və şagirdləri kitaba, elmə marağını artırmağa çalışıb.