REGİONLAR
Bərdə sakinləri qanvermə aksiyasına qoşulublar VİDEO
Bərdə, 23 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına Bərdə sakinləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 22-23-də Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mərkəzi Qan Bankının Bərdə rayon bölməsində qanvermə aksiyası təşkil olunub.
Qeyd edək ki, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Fatma Yıldırım da rayon sakinlərinə, seçicilərinə müraciət edərək, onları bu nəcib aksiyada fəal iştiraka səsləyib.
Bərdəlilər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulublar. İki gün ərzində xüsusi karantin rejiminin qaydalarına əməl etməklə 100-dən çox Bərdə sakini könüllü surətdə qanvermə aksiyasında iştirak edib.