Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması üzrə fransız şirkətlərinin verə biləcəyi mümkün töhfələr müzakirə olunub VİDEO
Paris, 12 may, AZƏRTAC
Mayın 12-də Azərbaycan Fransa Ticarət və Sənaye Palatası (CCIAF), “MEDEF International”, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə “MEDEF International”ın icraçı direktoru Filip Qotyenin həmsədrliyi ilə onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə COVID-19-un iqtisadiyyata təsiri, pandemiya ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu dövr ərzində Azərbaycan və fransız şirkətlərinin fəaliyyəti barədə müzakirələr aparılıb. CCIAF-ın yeni şəraitdə şirkətlər üçün həyata keçirdiyi fəaliyyətlərin nəticələri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində fransız şirkətlərinin verə biləcəyi mümkün töhfələr müzakirə olunub.
İqtisadiyyat naziri M.Cabbarov ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı hökumət tərəfindən görülən tədbirlərdən söz açıb. Bildirib ki, ölkə rəhbərliyinin apardığı müdrik islahatlar nəticəsində ölkəmizdə epidemiya böhranı uğurla idarə edilib.
Onlayn görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və səfirliyin iqtisadi məsələlər üzrə məsul diplomatı Suliddin Məmmədov iştirak ediblər.
R.Mustafayev Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin artırılması, ixracın şaxələndirilmsi və hökumət üçün prioritet olan sektorlar nəzərə alınmaqla iki ölkənin əsas iqtisadi aktorları arasında koordinasiyanın təkmilləşdirilməsinə zərurətin olduğunu diqqətə çatdırıb.
“MEDEF International”ın icraçı direktoru Filip Qotye Azərbaycan nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib.
Görüşdə 100-dək şirkət iştirak edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris