Yazıçı Zahid Xəlillə şagirdlər arasında onlayn görüş təşkil edilib
Bakı, 19 may, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq kitabxanası və “İdrak” liseyinin birgə təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor, uşaqların sevimli yazarı Zahid Xəlil arasında onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə liseyin müəlliməsi Samirə Nəbiyeva Zahid Xəlilin Azərbaycan poeziyasında görkəmli yer tutan bir yazar olduğunu bildirib. Qeyd edib ki, yazıçı yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” və digər şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir.
Vurğulanıb ki, Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.
Onlayn görüş çərçivəsində, yazıçı və şagirdlər arasında “Ballıca” əsəri geniş müzakirə edilib.
Görüşdə iştirak edən Respublika Uşaq kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında qeyd edib ki, kitabxananın onlayn xidməti vahid elektron bazasında olan elektron resurslar əsasında həyata keçirilir. Elektron resursu olmayan ədəbiyyatlara sorğu qəbul edilir və tez bir zaman ərzində rəqəmsallaşdırılaraq oxucuların istifadəsinə verilir.
“Zahid Xəlil uşaq psixologiyasını yaxından bilən yazıçılarımızdandır. O, 13 il F.Köçərli adına Respublika Uşaq Kitabxanasından ayda bir dəfə yayımlanan “Çıraq” verilişinin aparıcısı olub, bir çox şair və yazıçılarımızın yaradıcılığı ilə uşaqları yaxından tanış edib. Zahid Xəlil 2011-ci ildən Respublika Uşaq kitabxanasının həyata keçirtdiyi “Uşaq Kitab Karvanı” layihəsində yaxından iştirak edib, bölgələrdə oxucularla görüşüb”, - deyə Zahirə Dadaşova əlavə edib.
Sonra Zahid Xəlil görüş zamanı uşaqlarla maraqlı diskussiyalar aparıb, onların suallarını cavablandırıb.