REGİONLAR
“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur VİDEO
Xaçmaz, 4 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi işlərinə cari ilin əvvəlindən başlanılıb.
Hazırda mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yol kənarındakı kommunikasiya xətlərinin yerlərinin dəyişdirilməsi işləri görülür. Layihəyə əsasən, sözügedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 4 hərəkət zolaqlı olacaq yolun ümumi eni 22 metr, hərəkət hissəsi 18 metr təşkil edəcək.
İş icraçısı Teymur Eyyubov bildirib ki, sözügedən yol 1982-ci ildə çəkilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Qusar və Xaçmaz rayonları ərazisindən keçən yol yenidən qurulandan sonra sərhəd-keçid məntəqələrindən Rusiyaya gedib-gələn, həmçinin ətraf ərazidə yaşayan sakinlər rahatlıqla istifadə edə biləcəklər.
Tikinti işləri çərçivəsində yol ötürücü körpülərin, kəndlərarası yeraltı keçid, müxtəlif diametrlərdə beton suötürücü tikintisi aparılacaq.
“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2020-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.