Şabranda yeni salınan badam bağlarında məhsuldarlıq iki dəfə artıb VİDEO
Şabran, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabranda yeni salınan badam bağlarında məhsuldarlıq iki dəfə artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabranın Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 16-17 ton məhsul yığılması gözlənilir. Badam ağacları tam məhsula düşəndən sonra isə hər hektardan 6-10 ton arası məhsul verəcək.
Təsərrüfatçı Ariz Ağamalıyev bildirib ki, bağdan məhsul yığımına avqust ayının sonlarında başlanılacaq. “Bu il məhsuldarlıq yaxşıdır. Ötən ilə nisbətən iki dəfə çox məhsul yığılacaq. Bağımızda Amerikan sortundan olan badam becəririk. Becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir. Ağaclarımızın beşinci ilidir. Ötən il 6-7 ton məhsul yığmışıq. Hazırda bağı dərmanlayır, ağac aralarını alaq otlarından təmizləyirik. Bağdan toplanan məhsul yerli bazarda satılacaq”, - deyə A.Ağamalıyev söyləyib.
“Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.
Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda isə 10 hektar badam bağı salınıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.