İQTİSADİYYAT
Paytaxtın Yusif Səfərov küçəsində yeni yol qovşağı yaradılır VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Paytaxtın Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi istiqamətində genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən, artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb. Nəticədə həmin küçənin hərəkət hissəsi 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.
Bundan başqa, yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı əraziboyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 May küçələri, həmçinin 28 May küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir.
Həmçinin Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində yenidənqurma işləri aparılır. Bu hissədə küçənin uzunluğu 1 kilometr, eni isə 10,5 metr təşkil edir. Hazırda Mehdi Mehdizadə küçəsində asfaltlanma işləri görülür. Küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir ki, bu işlər də yaxın günlərdə yekunlaşdırılacaq.
Eyni zamanda, 28 May küçəsinin bir hissəsində aparılan, hazırda isə Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində görülən yenidənqurma işləri Nizami və Sabit Orucov küçələrini, eləcə də, qeyd edilən küçələri bir-biri ilə bağlayan digər ara yolları da əhatə edəcək.
Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlərdə yol nişanları qoyulacaq, yol-cizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.
Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.