Balakəndə 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulubVİDEO
Bakı, 20 iyul, AZƏRTAC
Balakən rayonunda uzunluğu 29 kilometr olan və 18 min əhalinin istifadə etdiyi Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.
Yolboyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılıb. Daha sonra asfaltlanma işləri həyata keçirilib, yolun 170 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Layihə çərçivəsində yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metr uzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.