Cənub bölgəsində təkrar qarğıdalı əkini yekunlaşır FOTOLENT VİDEO
Lənkəran, 20 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkəmizin bir çox bölgələrində olduğu kimi, cənub bölgəsində də təkrar qarğıdalı əkini davam edir. Hazırda fermerlər sahələrdə yeni növ qarğıdalı bitki toxumunun səpinini həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, Lənkəran Təcrübə Stansiyası rayonda ilk təşəbbüskar kimi taxıl biçini başa çatdıqdan sonra əkin sahələrindən səmərəli istifadə etmək məqsədilə hibrid qarğıdalı əkininə başlayıb. Hazırda stansiyanın buğda biçin sahələrində təkrar əkin üçün 200 kiloqram hibrid qarğıdalı toxumunun səpini həyata keçirilir.
Əkin prosesi barədə fikirlərini bölüşən Lənkəran Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov qeyd edib ki, hazırda 10 hektar sahədə qarğıdalı əkini aparılır: “Bundan əvvəl həmin sahədə buğda əkilmişdi. İndi isə torpaqdan təkrar istifadə məqsədilə qarğıdalı əkirik. Məhsuldarlığın 30-35 sentner olacağını nəzərdə tutmuşuq”.
Təkrar əkinlər həm aqroekoloji baxımdan, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacibdir.
Lənkəran Aqrar-Elm Mərkəzinin direktoru Teyyub Rzayev bildirib: “Təkrar qarğıdalı əkini bu il Lənkəran rayonunda “Yaşıl Çay” MMC-nin sahəsində də əkilib. Hazırda 30 hektar sahədə qarğıdalı əkilir. Bundan başqa, bu il Astara rayonunda fermerlərdən biri 4 hektardan çox sahədə qarğıdalı əkir. Ümumilikdə, Lənkəranda 40 hektara yaxın sahədə təkrar qarğıdalı əkilib. Əkin hibrid toxumlarla aparılır. Toxumlar ölkəmizə Krasnodar vilayətindən gətirilib. Bu yeni toxumlar rayonun fermerlərinə və kənd təsərrüfatı müəssisələrinə verilir”.
Lənkəranla yanaşı, təkrar qarğıdalı əkininə astaralı fermer Bəhram Əliyev də maraq göstərib. O bu il ilk dəfə olaraq 4 hektardan çox torpaq sahəsində yeni hibrid qarğıdalı toxumunun səpininə başlayıb. İlk dəfədir qarğıdalı əkdiyini söyləyən fermer bildirib ki, hazırda əkin işləri gedir və su olsa, heç bir problem olmayacaq.
Bu il respublikamızda təkrar qarğıdalı əkininin həyata keçirilməsi üçün 39 min hektar sahədə torpaq müəyyənləşdirilib. Hazırda ölkə üzrə 22 min hektardan çox ərazidə səpin işləri aparılıb. Təxminən 2700 fermer qarğıdalı əkini üçün bəyan edərək hektara 60 manat subsidiya alacaq. Ümumilikdə isə ölkəmizdə bu il 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub.