Xanım fermerlərin arıçılığa marağı artıb VİDEO
Qəbələ, 17 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Ölkəmizdə arıçılıqla məşğul olanlar az deyil. Adətən arıxanalarda qadınların deyil, daha çox kişilərin çalışdığını müşahidə edirik. Amma bu çətin işin öhdəsindən asanlıqla gələn qadınlar da var. Arıçı qadınlar kişilərdən heç də az məhsul əldə etmədiklərini söyləyirlər.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayon sakini Leyla Hüseynova 30 ildən çoxdur arıçılıqla məşğuldur. Leyla xanım hər səhər arıxanasına gəlir, arıların qayğısına qalır, onları xəstəliklərdən qorumaq üçün əlindən gələni edir.
Leyla Hüseynova deyir ki, yaz və yay aylarında arıxanalar xüsusi qulluq tələb edir. Əsas ziyanverici isə gənədir.
Təsərrüfat sahibinin sözlərinə görə, indi meyvə bağlarının əksəriyyəti dərmanlanır. Buna görə də arıları həmin yerlərdən kənar saxlamaq lazımdır.
Arıçı Qadınlar Qrupunda birləşən xanımlar vaxtaşırı bu sahədə olan yenilikləri də müzakirə edirlər. Avqustun sonlarında isə bal süzümü başlayır.
Gənc arıçı Gülnar Məmmədzadə deyir ki, arıçı qadınlar qrupu yarandıqdan sonra tez-tez bir araya toplaşır və təcrübələrini paylaşırlar: “Türkiyədən faselye toxumu gətirmişdik. Yazda öz sahəmizdə əkmişik, gözəl çiçək açır. Arılar ondan nektar toplayır. Həmin bitkinin balı xüsusi dada malik olur”.
Hazırda Qəbələnin 600 təsərrüfatında 12300 arı ailəsi var. Mütəxəssislər hesab edirlər ki, arı genofondumuzun qızıl arısı sayılan Qabaqtəpə arısı xüsusilə seçilir. Qızıl arı məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləməklə yanaşı, yüksək sürətlə inkişaf etmək, soyuq qışı keçirmək, küləkli iqlim şəraitinə uyğunlaşmaq, böyük floramiqrasiya göstəricisi ilə seçilmək kimi müsbət xüsusiyyətlərə malikdir.