REGİONLAR
Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi oktyabr ayında yekunlaşacaq FOTO VİDEO
Qusar, 2 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 46 kilometrlik avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun tikilir. Artıq yolun 27 kilometrinə asfalt örtüyü döşənib.
İş icraçısı Ülvi Qüdrətzadə bildirib ki, çətin relyefə malik ərazidən keçən avtomobil yolu uzun illər təmir olunmadığından, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətə düşmüşdü. Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Tikinti işlərinin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.
İki laydan ibarət asfalt-beton örtüyü döşənən yolun hərəkət hissəsinin eni 6 metrdir.
Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlama xətlərinin çəkilməsi, yol nişanlarının və siqnal dirəklərinin, həmçinin təhlükəli yerlərdə beton sədlərin quraşdırılması nəzərdə tutulur. Bundan başqa, vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.