SİYASƏT
Quba-Qusar batalyonunun veteran döyüşçüləri cəbhəyə könüllü yollanmaq üçün müraciət ediblər VİDEO
Quba, 30 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qarabağ müharibəsində şücaət göstərən Quba-Qusar batalyonunun veteran döyüşçüləri cəbhəyə könüllü yollanmaq üçün müraciət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, veteran döyüşçülər düşmənin iyul ayındakı təxribatlarından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə gedərək qeydiyyatdan keçiblər.
Qubadakı Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının məzarlarını ziyarət edən veteranlar həlak olan silahdaşlarının məzarları önünə gül dəstələri düzüblər.
Quba-Qusar batalyonunun bölük komandiri olmuş Mobil Əhmədov şanlı Ordumuzun işğal altındakı torpaqları tamamilə azad edəcəyinə əminliyini ifadə edib. “Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi gedir. Ordumuz düşmənə sarsıdıcı zərbələr vurur. Biz veteran döyüşçülər də hər an silaha sarılıb təcavüzkar ermənilərə qan uddurmağa hazırıq. Mən ehtiyatda olan zabitəm. Yaşım çox olsa da, özümü döyüşməyə hazır sayıram. Şəhid olmuş döyüş yoldaşlarımızın qisasını düşməndə qoymayacayıq”, - deyə Mobil Əhmədov söyləyib.
Onun döyüş yoldaşı İsmət Cəfərov Ordumuzun uğurlu döyüş əməliyyatlarından kövrələrək danışır. “Əminəm ki, bu gün Şəhidlər xiyabanlarında uyuyan döyüşçü yoldaşlarımızın ruhu şad olur. Onların uğrunda can verdiyi torpaqlarımız işğaldan azad olunur. Qəhrəman əsgərlərimiz Murov zirvəsini ermənilərdən geri alıb. Bu, olduqca böyük nailiyyətdir. Bu tezliklə Kəlbəcərin, Laçının işğaldan azad olunacağına işarədir. Ölkə başçımızın da dediyi kimi düşmən ölmək istəmirsə, torpaqlarımızdan rədd olsun”, - deyə veteran döyüşçü bildirib.
Quba-Qusar batalyonu ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılıb. Batalyonun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar. Ümumilikdə Qarabağ müharibəsində Quba-Qusar batalyonu 40-a yaxın şəhid verib, 7 nəfər itkin düşüb, 90 nəfər yaralanıb.
Veteran döyüşçülər Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.