CƏMİYYƏT
Qarabağ Regional Mərkəzi maarifləndirici tədbirləri davam etdirir
Beyləqan, 20 yanvar (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinin mədəniyyət evində “Payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələrlə əlaqədar əhalinin xəbərdar edilməsi” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil və mədəniyyət şöbələrinin əməkdaşları, təhsil müəssisələrində çalışan müəllimlər və şagirdlər iştirak etmişlər.
Görüşdə Regional Mərkəzin strukturu, fəaliyyəti barədə geniş məlumat verilmiş, eləcə də, “Fövqəladə halların təsnifatı”, “Fövqəladə halların yaranma səbəbləri” “Qeyri-standart elektrik, qaz və maye qızdırıcı sobalarından istifadə zamanı bədbəxt hadisələrin qarşısının alınması”, “101 və 112 zəng mərkəzlər ilə əlaqə saxlama qaydaları” mövzularında çıxışlar olmuşdur.
Tədbirdə Qarabağ Regional Mərkəzinin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.