SİYASƏT
Elçin Əmirbəyov: Ermənistanın cinayətləri ilə bağlı video-foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib. Azərbaycan tərəfi Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsi - həyat hüququnun pozulması ilə bağlı dolğun məlumatlar təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30-da Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, yaxın vaxtlarda müraciətə baxılacaq və Ermənistandan bununla bağlı izahat tələb olunacaq. Artıq video-foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub. Xüsusilə kaset bombalardan istifadə ilə bağlı beynəlxalq təşkilatlara bildirilib.