Füzulidə şəhidlərin xatirəsinə ucaldılan abidə açılıb VİDEO
Füzuli, 25 may, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda şəhidlərimizin xatirəsinə abidə ucaldılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə Alıxanlı kəndinin ərazisində, Qarabağa gedən Zəfər yolunun kənarında inşa olunub.
Abidənin açılışı münasibətilə keçirilən mərasimdə şəhid ailələri, hərbçilər, rayon icra hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti, Vətən müharibəsinin qaziləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız yağı düşməndən azad edildi və şəhidlərimizin qisası alındı.
Alıxanlı kənd sakinlərinin qəhrəmanlığından danışanlar qeyd ediblər ki, uzun illər bu kəndin insanları ermənilərlə təmas xəttində yaşayıb. Buna baxmayaraq güclü Azərbaycan Ordusuna güvənən vətəndaşlarımız doğma torpaqlarını tərk etməyib. Lakin ötən dövrdə erməni vəhşiliyinin hər zaman şahidi olublar. Çoxda uzaq olmayan tarixdə bu kənddə Zəhra və nənəsi düşmən tərəfindən atılan mərmi nəticəsində dünyasını dəyişib. Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında aciz qalan ermənilər Alıxanlı kəndini də atəşə tutub, evlərdə bir çox dağıntılara səbəb olublar. Buna baxmayaraq, kənd sakinləri qələbəyə inanaraq kəndi tərk etməyib və Zəfər yürüşünün şahidi olublar.
Həmçinin qeyd olunub ki, bu gün, eyni zamanda, Alıxanlı kəndinin ilk şəhidi Azər Quliyevin 48-ci doğum günüdür. Azər Quliyev 1992-ci il oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə Alıxanlı kəndinin ilk şəhidi olaraq şəhadətə ucalıb.
Sonda Azər Quliyev adına kənd orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.