Ağ gilasa tələbat daha çoxdur - İmişlinin gilas bağlarından reportaj VİDEO
İmişli, 9 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə “Krım” adı ilə tanınan gilas sortunun yığımına başlanılıb. Ağaclarda bol məhsul var, qiymətlər də münasibdir.
Şahverdili kənd sakini Nazim Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təsərrüfatı 20 sot sahədən ibarətdir və bağda 150 ədəd gilas ağacı var. Bu il bol məhsulun yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu da deyir.
Təsərrüfatda əsasən 4 növ gilas ağacı əkilib. Onlardan “Öküz ürəyi” və “Zəngilan” sortları daha tez yetişən olduğu üçün bir neçə gün əvvəl yığımı yekunlaşıb. Hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib. Hazırda isə “Krım” gilası yığılır. Bu gilas isə bərk və daha qalıcıdır.
Yaxın 10 gün ərzində yığılacaq gilasın hər ağacından 50-100 kiloqram məhsul gözlənilir. Bağban Nazim Həsənov söyləyir ki, qiymətlər də çox sərfəlidir. Hazırda 1 kiloqram gilasın yerində satışı 80 qəpik - 1 manat arasında dəyişir.
Şahverdili kəndində Nazim Həsənovun bağ sahəsi kimi 250-dən çox təsərrüfat var və ümumilikdə, kənddən mövsüm zamanı 15 tona yaxın gilas istehsal olunur.
Ötən il meyvə bağından gəlir əldə edən digər bağban Gülağa Qurbanov da bu il 1 ton yarım giləmeyvə yığmağı qarşıya məqsəd qoyub. O deyir ki, ağ gilas mürəbbə bişirilməsi üçün daha çox istifadə olunur deyə tələbat da çoxdur. Lakin bəzən məhsullarını sata da bilmirlər. Ona görə də bağ sahiblərinin bir istəyi var: rayonda məhsul qəbulu məntəqəsinin və ya gilasdan şirələr hazırlayacaq müəssisənin olması. Əgər belə olarsa, məhsul itkiyə getməz.