CƏMİYYƏT


Paytaxtda daxili iməcilik keçirilib VİDEO

Bakı, 31 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, iki gün ərzində Bakı şəhərində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların qarşısı elə həmin gün paytaxtın kommunal və digər xidmət işçiləri tərəfindən operativ şəkildə alınıb. Eyni zamanda, küləyin yaydığı toz-torpağın binaların fəsadlarından, mağaza, ictimai iaşə və digər obyektlərin vitrinlərinlərindən, reklam lövhələrindən təmizlənməsi zərurəti yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar BŞİH-in təşkilatçılığı ilə qeyri-sabit havanın fəsadlarının tam qaldırılması və şəhərdə genişmiqyaslı təmizlik işlərinin aparılması məqsədilə iyulun 31-i səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumların iştirakı ilə genişmiqyaslı daxili iməcilik keçirilib.

İməcilik zamanı prospekt və küçələrin, səkilərin kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası, yol kənarlarına yığılan toz-torpağın təmizlənməsi həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı, sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq, fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Bakı Şəhər İcra Hakimiyyəti daxili iməciliyin yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirdə fəal iştirak edən kommunal və digər qurumların əməkdaşlarına, həmçinin şəhər icra hakimiyyətinin çağırışına qoşulan özəl sektor nümayəndələri və sakinlərinə minnətdarlığını bildirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.