REGİONLAR
Bərdədə əkinlərin su təminatı yaxşılaşdırılır VİDEO
Bərdə, 24 avqust, AZƏRTAC
Bərdədə sovetlər dönəmindən istismar olunan beton kanalda təmir işləri aparılır. Uzunluğu 21 kilometr olan kanal vasitəsilə hazırda 9 min hektardan artıq əkin sahəsi suvarıla bilir. Suvarılmanın daha itkisiz aparılması üçün kanala yeni beton üzlük çəkilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bərdə rayon suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək kanalın 4,4 kilometr hissəsi beton üzlüyə alınıb. Bu il suvarılmada önəmli yeri olan kanalda 1,5 kilometr əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. İşlərin böyük bir hissəsi artıq görülüb.
S.Əhmədov qeyd edib ki, Bərdə Suvarma Sistemləri İdarəsi 63 min hektardan çox suvarılan sahələrə xidmət edir. Bunun 55 min hektara yaxını əkin üçün nəzərdə tutulmuş torpaq sahələridir. Rayonda suvarma kanallarının ümumi uzunluğu 1366 kilometr təşkil edir. İdarənin texnikaları vasitəsilə sahələrin su təminatının bir hissəsini həyata keçirən torpaq məcralı kanallarda 519 min kubmetr lildəntəmizləmə işləri görülüb. Bundan başqa balansda olan nasos stansiyaları saz vəziyyətə gətirilib. Bu il 115 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılıb, 24 ədəd hidropostlar təmir olunub.
Bu il Bərdə rayonunda 11 min hektara yaxın sahədə pambıq əkilib. Fermerlər əkdikləri sahələrdən yüksək məhsuldarlıq gözləyirlər. Bu günə kimi pambığın suvarılması ardıcıl aparılıb. Rayonda əvvəllər pambıq əkilməyən sahələr də su ilə təmin edildiyindən əkinəyararlı olub.
Fermer Musa Muradov deyir ki, pay torpaqlarında qrunt suları səthə yaxın olduğunda uzun illərdir əkin işləri apara bilməyiblər. “Bununla bağlı Suvarma Sistemləri İdarəsinə müraciət etdik. Texnika ayırdılar. Dren kanal vasitəsilə qrunt sularının səviyyəsi aşağı salındı. Problemimiz həllini tapdı. Gördüyünüz kimi, pay torpağımızda pambıq becəririk. Suvarma növbəlilik əsasında həyata keçirilir”, - deyə o əlavə edib.