Beyləqanda əhalinin içməli və suvarma suyuna olan tələbatı ödənilir VİDEO

Beyləqan, 30 avqust, AZƏRTAC
Ölkəmizdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi üçün əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Respublikanın digər rayonlarında olduğu kimi, Beyləqanda da əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində subartezian quyuları mühüm rol oynayır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Möhübbət Heydərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarənin balansında 940 ədəd subartezian quyusu var. Onlardan 119 ədədi Beyləqan rayonunun payına düşür. Cari ildə 50 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. İstifadədə olan subartezian quyularında isə daim təmir işləri aparılır. Quyuların dərinlik nasosları sıradan çıxdıqda, dərhal rayon Subartezian Quyularının İstismarı İdarəsinin əməkdaşları tərəfindən quyuya baxış keçirilir və həmin nasoslar təmir olunur. Rayonda əkilən pambıq, yonca, bostan-tərəvəz bitkiləri, o cümlədən sakinlərin həyətyanı sahələri mütəmadi olaraq suvarılır.
Son illər qazılan subartezian quyuları rayon sakinlərinin və fermerlərin işini asanlaşdırıb. Quyuların qazıldığı ərazilərdə istər içməli, istərsə də suvarma suyuna olan tələbat tam ödənir.
Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin balansında olan 940 ədəd quyudan 327 ədədi işğaldan azad olunmuş rayonların ərazilərindədir. Onlardan 67-si Birinci Qarabağ müharibəsi vaxtı münaqişə nəticəsində dağıdılıb. Hazırda 546 ədəd quyu istismardadır. Onlardan Beyləqanda 119, Füzulidə 178, Cəlilabadda 106, Masallıda 63, Xocavənddə 36, Yardımlıda 10, Biləsuvarda 5, Lənkəran və Lerikdə 7, Astarada 8, Cəbrayılda 4, İmişlidə isə 1 subartezian quyusu su istifadəçilərinin xidmətindədir. İşğaldan azad olunmuş rayonlarda 9 subartezian quyusunun əsaslı təmiri nəzərdə tutulub.