SİYASƏT
Erməni silahlı qüvvələri Xocavənddə dinc sakinləri qətlə yetirmiş, yaşayış məntəqələrini dağıtmış,talan etmiş və yandırmışlar
Bakı, 2 oktyabr (AZƏRTAC). Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin (İB) mərkəzi qərargahında tədbir keçirilmişdir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.
Tədbirdə Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı sentyabrın 29-da keçirilmiş yürüş-mitinqdən hazırlanmış film nümayiş etdirilmişdir.
İB-nin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın Azərbaycana təcavüzünün tarixindən danışmışdır. Bildirilmişdir ki, 1988-1991-ci illərdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən və monoetnik dövlət yaratmağa nail olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
Filmi yüksək qiymətləndirən B.Səfərov bu cür tədbirlərin vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov rayonunun 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini qeyd etmişdir. Bildirilmişdir ki, işğal nəticəsində azərbaycanlıların yaşadığı Xocavənd rayonunun 10 kəndində dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
Həmin dövrdə Xocavənd əhalisinin qəhrəmancasına vətəni müdafiə etməsindən danışan E.Hüseynov xatırlatmışdır ki, 4 ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olmuş, 110 sakin girov götürülmüşdür. Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilmişdir. Ümumilikdə isə, münaqişə başlayandan 145 xocavəndli erməni vandalizminin qurbanı olmuşdur.
İB-nin analitik şöbəsinin rəhbəri Elçin Əhmədov vurğulamışdır ki, hazırda terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar.
Münaqişənin nizama salınması prosesində Azərbaycan dövlətinin ilk növbədə sülh variantına üstünlük verdiyini bildirən E.Əhmədov qeyd etmişdir ki, Prezident İlham Əliyev xalqının və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. O, Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün tam hüquqi əsasının olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu diqqətə çatdırmışdır ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Digər çıxış edənlər də Azərbaycanın işğal altındakı torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağına əmin olduqlarını bildirmişlər.