SİYASƏT
“Yaddan çıxmaz Qarabağ” ümumrespublika müsabiqəsinə yekun vurulmuşdur
Bakı, 22 dekabr (AZƏRTAC). Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar bu rayonun icra hakimiyyəti tərəfindən keçirilən “Yaddan çıxmaz Qarabağ” mövzusunda ümumrespublika yazı və telesüjet müsabiqəsinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında İctimai Birliyin idarə heyətinin üzvlərinin, Xocavənd rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələrinin, müsabiqə iştirakçılarının iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları Qarabağ bölgəsinin salnaməsini araşdıran, tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, Qarabağ müharibəsini və digər istiqamətləri əks etdirən məqalələr, telesüjetlər və sənədli filmlər təqdim olun müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə Xocavənd rayonunun işğalının 20-ci ildönümü ilə bağlı çəkilmiş videoçarxlar nümayiş olunmuşdur.
Münsiflər heyətinin qərarına əsasən Azərbaycan dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin nəticələri” sərlövhəli məqaləsi, ikinci yerə Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevin “Qarabağ rəssamlıq məktəbinin XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında rolu” başlıqlı məqaləsi, üçüncü yerə isə jurnalist Könül Cəfərlinin “Ürək dağlayan əsgər hekayəti: Siqaret, paqon mərmi...” və Seymur Həsənlinin “Erməni millətinin mahiyyəti və Qarabağa gedən yol” məqalələri, rus dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə jurnalist Rizvan Hüseynovun “Naş neizvedannıy Naqornıy Karabax. Poezdka v Nargiztepe” məqaləsi, ikinci yerə jurnalist Bəhram Batıyevin “Boroda intellektualnoqo çudaka Vassermana zaputalas v Karabaxe” adlı məqaləsi, üçüncü yerə Bakı Slavyan Universitetinin müəllimi Djeyla İbrahimovanın təqdim etdiyi “Nepokorennıy Xodjalı” məqaləsi layiq görülmüşdür.
Müsabiqəyə təqdim olunmuş filim və süjetlər üzrə birinci yerə Bəxtiyar Qaracanın “Ruhum Qarabağlıdır” filmi, ikinci yerə Elxan Yusiflinin “Savaş bitməyib proqramı”nda şəhid Əfqan Yəhyayev haqqında çəkilmiş ekran əsəri və Etibar Məmmədovun “Soyqırımı Qaradağlı... davam edir” filmi layiq görülmüşdür.
Müsabiqədə müxtəlif nominasiyalar üzrə iştirak etmiş 6 müəllif həvəsləndirici mükafatlarla təltif olunmuşdur.
Qaliblərə mükafatlar təqdim edilmişdir.