2005-Cİ İL BALAKƏN RAYONU ÜÇÜN DƏ UĞURLU OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasdan əvvəl rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və qonaqlar ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidə-kompleksini ziyarət etmiş, büstün önünə əklil qoymuşlar. Sonra parkda daxili imkanlar hesabına inşa ediləcək Heydər Əliyev muzeyinin təməlinin qoyulması mərasimi olmuşdur. Mədəniyyət evinin foyesində rayonda istehsal olunan məhsulların sərgisi böyük maraq doğurmuşdur.
İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin 2005-ci ilin yekunları ilə bağlı hesabat məruzəsində görülmüş işlər geniş təhlil edilmiş, problemlərə toxunulmuşdur. Məruzəçi vurğulamışdır ki, yola saldığımız 2005-ci il müstəqil dövlətçiliyini daha da möhkəmləndirərək, Avratlantik məkana inteqrasiya xəttini inamla davam etdirən, regionun lider dövlətinə çevrilən Azərbaycan üçün bir sıra uğurlu hadisələrlə yaddaqalan olmuşdur. 2003-cü ildə “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir vətəndaşın qayğı və problemlərinin həlli yolunda qüvvə və bacarığımı əsirgəməyəcəyəm” deyərək Prezidentliyə başlayan İlham Əliyev son iki ildə respublikamızın sosial-iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə inkişafı üçün əsas fəaliyyət istiqamətlərini açıqlamış, onların vaxtında və düzgün icrası məqsədi ilə konkret tədbirlər həyata keçirmişdir. Artıq cəmiyyətimizdə qəti olaraq belə bir rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən alternativsiz liderdir.
Məruzədə bildirilmişdir ki, Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” (2003-cü il) və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında (2004-cü il) fərmanları ölkə iqtisadiyyatının dinamik və tarazlı inkişafını nəzərdə tutan mühüm dövlət sənədləridir. Dövlət Proqramında Balakən rayonunda da mövcud iqtisadi potensialdan istifadənin səmərəliliyinin artırılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə taxılçılıq, tütünçülük və heyvandarlıq məhsulları istehsalı, quşçuluq və ipəkçiliyin inkişafı, emal və tikinti məhsulları istehsalı sənayesinin inkişafı, dərman bitkilərinin tədarükü, məktəb binalarının tikintisi, dağ çaylarında sahilbərkitmə işlərinin aparılması və sair tədbirlər nəzərdə tutulmuşdur.
Proqramın icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində ötən dövrdə rayonda 3 mindən çox yeni iş yeri açılmışdır ki, bunun da 1510-u daimi iş yerləridir. Təkcə 2005-ci ildə rayonda 891 daimi iş yeri açılmış, 17 hüquqi və 341 fiziki şəxs qeydiyyatdan keçmişdir. 2 bank filialının, fındıq emalı müəssisələrinin, kərpic zavodunun, çörəkbişirmə, süfrə suları istehsalı müəssisələrinin əhalinin məşğulluğunun təmin edilməsində böyük rolu olmuşdur. Rayonda aparılan tikinti-abadlıq işlərinə və mövsümi işlərə 2 minədək sakin cəlb edilmişdir.
Görülmüş tədbirlər nəticəsində 2005-ci ildə Balakəndə ümumi məhsul istehsalı əvvəlki ilə nisbətən 81,1 faiz artmış, məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 93 faizə çatmışdır. Məhsul istehsalında kənd təsərrüfatının xüsusi çəkisi 80,7 faiz təşkil etmişdir. İl ərzində 197,7 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 66,5 faiz çoxdur. İstehsal olunmuş məhsulun 141,4 milyard manatı bitkiçiliyin, 56,3 milyard manatı isə heyvandarlığın payına düşür. Keçən il rayonda 19,5 min ton dən qarğıdalı, 24 min ton meyvə, o cümlədən 6 min ton fındıq, 21,6 min ton tərəvəz, 5060 ton bostan məhsulları, 5094 ton kartof, 44,5 min ton quru ot, 160 ton üzüm, 155 ton tütün və digər kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Hesabat ilində müxtəlif mənbələr hesabına rayonda aparılan tikinti, təmir və abadlıq işlərinin ümumi dəyəri 8 milyard 147 milyon manat təşkil etmişdir.
2005-ci ildə rayon üzrə ümumi gəlirlər əvvəlki illə müqayisədə 24,9 faiz, cari gəlirlər 32,3 faiz, yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsit isə 23,7 faiz artmışdır.
Daha sonra məruzəçi hesabat ilində Dövlət özəlləşdirmə proqramının icra olunması, sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər, əhalinin enerji, mavi yanacaq, icməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və müraciətlərinə baxılması və digər məsələlər barədə danışmış, mövcud problemlərə və onların həlli yollarına toxunmuşdur.
İclasda ayrı-ayrı xidmət sahələrinin, büdcə təşkilatları rəhbərlərinin hesabatları dinlənilmiş, buraxılmış nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.
Dövlət müşaviri Hidayət Orucov iclasda çıxış etmişdir.
İclasın sonunda iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.