CƏMİYYƏT
ABŞ-ın Azərbaycandakı səfirliyi yeni elektrik avtomobilini təqdim edib VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobil parkı yeni elektrik avtomobili ilə təmin olunub. Diplomatik nömrəli həmin elektrik avtomobili artıq Bakının küçələrində görmək olar.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Bakıdaki səfirliyinin avtomobil parkına məxsus olan bu maşın səfirliyin ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq olduğunun nümunəsidir. Səfir müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş videoçarxda təqdim edir.
“Səfirlik müğənni Eldar və Kaspian Media Qrupu ilə tərəfdaşlıq edərək ətraf mühitin qorunmasında fərqli rol oynayan yeni elektrik maşını təqdim etməkdən məmnunluq duyur. Səfirlik, həmçinin ərazisində maşının enerjidoldurulma stansiyasını yerləşdirdiyinə görə “Ləndmark” biznes mərkəzinə minnətdarlığını bildirir. Bu maşının gündəlik və səmərəli istifadəsi sayəsində biz yanacağın sərfiyyatına qənaət edərək, karbon qazının ətraf mühitə tullanmasının qarşısını almağa nail olacağıq.
Elektrik maşınların istifadəsinə keçid almaq qərarı Prezident Baydenin 2030-cu il üçün ABŞ-ın atmosferə istixana qazlarının tullantılarının miqdarını yarıya qədər endirmək öhdəliyinə uyğun həyata keçirilir. Prezident Bayden, həmçinin bəyan etmişdir ki, Amerika ətraf mühitə zərərsiz avtomobillərin istifadəsində lider rolunu oynayacaq. O, 2030-cu il üçün elektrik avtomobillərin ümumi satışların 50 faizini təşkil etməsi kimi ambisiyalı məqsədi də bəyan etmişdir.
Dünyanın vətəndaşları olaraq biz hamımız sözügedən səylərə: avtomobillərin istifadəsini azaltmaq, velosipedlərdən istifadə etmək, gəzmək və təbii ki, elektrik avtomobillərdən istifadə etməklə dəstək verə bilərik,” - deyə səfirliyin press-relizində bildirilir.