CƏMİYYƏT


2030-cu ilə qədər dünya okeanındakı plastik tullantıların miqdarı ikiqat arta bilər

Bakı, 7 mart, AZƏRTAC

2030-cu ilə qədər dünya okeanındakı plastik tullantıların ümumi miqdarı 40 faizdən çox, dünya okeanını çirkləndirən zibilin miqdarı isə iki qat arta bilər.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Dünya Vəhşi Təbiət Fondunun (WWF) illik məruzəsində əks olunub.

WWF ekoloqlarının məlumatına görə, son 18 ildə kimya sənayesi tullantılarının həcmi plastik erasının əvvəlindəki ilə müqayisədə təqribən iki dəfə artıb, havanın və okeanların çirklənmə səviyyəsi isə həndəsi silsilə üzrə artmaqdadır. Bu vəziyyətin dünyada ekologiya sistemi üçün doğuracağı nəticələri qabaqcadan söyləmək mümkün deyil.

Sənəddə deyilir: “Hazırda plastik materialdan hazırlanan məmulatların həcmi ildə hər adama 53 kiloqram civarındadır. Bu məmulatlar nəzarətsiz istehsal edilir, real tələbat nəzərə alınmır, bu da çirklənmənin miqyasını tənzimləməyə və onun artmasını dayandırmağa imkan vermir”.

Ekoloqlar bütün ölkələrin hökumətlərinə müraciət edərək onları çirklənməyə qarşı mübarizənin təsirli milli strategiyalarını yaratmağa, plastik məmulatlar istehsalını və onların istifadəsini azaltmağa məcbur edəcək qlobal sazişdə iştirak etməyə, habelə tullantıların təhlükəsiz emalı üzrə zəruri tədbirlər görməyə çağırırlar.

Plastik məhsulların istifadəsinin azaldılması üzrə Azərbaycanda da müvafiq iş aparılır, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ekspertlərin hesablamalarına görə, ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır.

ABC telekanalı WWF-nin Avstraliyadakı Okeanoqrafiya Departamentinin rəhbəri Riçard Lekin bu sözlərini sitat gətirir: “Bu gün bizim istehlak etdiyimiz plastik kütlələrin təqribən 40 faizi qab-qacaq, qida konteynerləri, qablaşdırma vasitələri və butulka kimi birdəfəlik istifadə mallarıdır. Bu əşyalar bizim məişətimizdən yox edilməlidir. Bundan əlavə, dövlətlər istehsalçıların və biznesmenlərin plastikdən imtina etməsi və bioloji parçalanan qablaşdırmadan istifadə etməsinə kömək edəcək stimullar yaratmalıdırlar”.

WWF xətti üzrə aparılmış tədqiqat göstərir ki, hər il 100 milyon ton plastik məhsullar zibilə çevrilərək torpağı, çayları və okeanları çirkləndirir. Plastik tullantıların nəzarətsiz yandırılması məhsulları xərçəng xəstəliyinə tutulma hallarının artmasına səbəb olur və 270 heyvan növünün mövcudluğunu təhlükə altına alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.