QAN YADDAŞI
20 Yanvar şəhidlərinin əziz xatirəsi Estoniyada da ehtiramla anılıb
Tallin, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyinin dəstəyi və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Estoniya parlamentində (Riigikoqu) Estoniya-Azərbaycan parlamentlərarası qrupun sədr müavini Mihail Korb, Estoniyadakı Azərbaycan və Türkiyə icmalarının nümayəndələri, yerli ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şəhid olanların ruhuna dualar oxunub.
Sonra, 20 Yanvar faciəsinin canlı şahidi olmuş eston jurnalist Andres Raid və Estoniyadakı Azərbaycan icmasının nümayəndələri tərəfindən həmin hadisələr barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonra iştirakçılar Azərbaycan Evində 20 Yanvar şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olublar.
“Tarixin izi ilə - 20 yanvar” adlı sənədli film nümayiş olunub.
Azərbaycanlı gənc pianoçu Nəriman Əmiraslanov tərəfindən lirik musiqi parçaları ifa edilib.
Daha sonra tədbir iştirakçıları ehsan süfrəsinə dəvət olunublar.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin