ELM VƏ TƏHSİL
20 Yanvar - istiqlal yolumuzun başlanğıcı
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsi qurbanlarının - Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı olduğunu qeyd edərək, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunmasını, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyini qeyd edib.
Hidrobiologiya laboratoriyasının müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Adil Əliyev Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda mübarizəsindən danışıb.
Parazitologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Qara Fətəliyev 1990-cı il yanvarın 20-də sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıqla həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğunu qeyd edib.
Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Səliqə Qazi isə həmin günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığını, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirərək şərəf və qəhrəmanlıq səhifəsi açdığını qeyd edib.
Quru onurğalıları laboratoriyasının kiçik elmi işçisi Günay Mustafayeva qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıb.
Tədbir 20 yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.
Tədbirdən sonra institut əməkdaşları Şəhidlər xiyabanına gedərək Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman övladlarının əziz xatirəsini yad ediblər, məzarları önünə tər qərənfillər düzüblər.