20 Yanvar azadlıq və suverenlik uğrunda mübarizə simvoludur
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək 20 Yanvarın Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi, azadlıq və suverenlik uğrunda mübarizənin simvolu olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı daimi nümayəndəliyimizə gəlmiş, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir.
Komitə sədri Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailə üzvlərinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə əməli tədbirlər görüldüyünü diqqətə çatdırmışdır.
Sonra şəhid ailəsindən olan komitənin əməkdaşları və digər çıxış edənlər Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan danışmışlar. Onlar dövlət başçısı tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını söyləmişlər.