20 YANVAR FACİƏCİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mərkəzin direktor əvəzi, baş ədliyyə müşaviri İlham Abbasov Qanlı Yanvarın Azərbaycan tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğunu, həmin gün xalqımızın yüzlərlə övladını qurban verdiyini bildirmiş, qəhrəman oğul və qızlarımızın sovet ordusunun qarşısında əliyalın dayanaraq göstərdikləri şücaətdən danışmışdır.
Çıxış edənlər Sovet imperiyasının törətdiyi qanlı terror aktlarından biri olan bu faciəni bəşəriyyətə, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ və Azərbaycan SSR Konstitusiyalarının tələblərini kobud şəkildə pozaraq, Sovet imperiyası respublikamıza qarşı açıq təcavüzə başlamış, həmin gecə xüsusi təyinatlı dəstələr, daxili qoşunlar Bakıya daxil olaraq, misli görünməmiş qəddarlığa əl atmışlar.
Xüsusi vurğulanmışdır ki, ümummilli liderimiz Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etmiş, imperiyanın siyasətini, Mixail Qorbaçovun xalqımıza xəyanətini qətiyyətlə ifşa etmişdir. Yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir.
Ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş mərd mübarizlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə qayğının artırılması sahəsində Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər yüksək qiymətləndirilmişdir.