REGİONLAR
Kənddə yaşayıb-yaratsa da, səs-sorağı Avropadan gəlir REPORTAJ VİDEO
Qazax, 3 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Altmış yeddi yaşlı Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır, yaradıcılıqla məşğul olur. Rəssamlığa lap kiçik yaşlarından, 3-cü sinifdən başlayıb. Daha sonra rəssamlıq təhsili alıb, Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.
AZƏRTAC xəbər verir ki, indiyə kimi qazandığı uğurları elə yaşadığı kənddə əldə edib. Bununla da sübut edir ki, uğur qazanmaq üçün məkanın fərqi yoxdur. Üstəlik rəssam qeyri-adi bacarığı ilə də diqqət çəkir. Belə ki, o, ölkədə ilk dəfə şam tüstüsündən istifadə etməklə 30-dək əsər ərsəyə gətirib.
Nəcməddin Hüseynov əsərlərinin əksəriyyətini boya ilə işləyir. Əsasən natürmort janrında çəkir. “Mən bəzi rəssamların yanan çırağın hisindən istifadə etdiyini gördükdən sonra qərara gəldim ki, bunu kətan üzərində yoxlayım. Sonra şam tüstüsündən istifadə etdim. Tüstü daha effektli, daha çalarlıdır. Şam tüstüsündən ancaq “ağ-qara” rəngli əsərlər işləmək mümkündür”, - deyə rəssam bildirir.
Həmsöhbətimizin sonuncu səs-sədası Avropadan gəlib. Bu yaxınlarda Almaniyanın Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Bu ad ona rəssamlıq sənətinin inkişafındakı xidmətlərinə görə verilib. Artıq təltif edilməsi barədə sənədləri və üzvlük nişanı da gəlib. Deyir ki, bu, ona yeni həvəs, enerji və məsuliyyət verib: “İnternet vasitəsi ilə Avropada Təbiət Elmləri Akademiyasından təklif gəldi. Sənədlərimi göndərdim. Məni akademiyaya üzv seçdilər. Azərbaycandan həmin Akademiyada 22 nəfər qeydiyyatdadır. Onların sırasında mənim də adım var”.
Rəssam, həmçinin Azərbaycanın və Rusiyanın Rəssamlar ittifaqlarının da üzvüdür. Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü və qızıl medalçısıdır. Ölkəmizdə əsərləri bir çox məşhur şəxslər tərəfindən bəyənilib, tədbirlərdə sərgilənib, sosial şəbəkələrdə paylaşılıb. İndiyədək 3 mindən çox rəsm əsərinin müəllifi olan rəssamın əl işləri dəfələrlə beynəlxalq sərgilərdə də nümayiş etdirilib.
Kənddə fəaliyyət göstərdiyindən ləvazimat tapmaqda çətinlik çəkdiyini deyən Nəcməddin Hüseynov emalatxanası olmadığına görə evdə çalışdığını söyləyir. Əsərləri üzərində işləyərkən musiqiyə qulaq asır. Bu, ona əlavə güc və yaradıcılıq fantaziyası verir.
Onun əsərlərini ölkə daxilində və xaricdən internetlə sifariş göndərib, əldə edənlər də var.