Cənub Muğan Kanalı İstismarı İdarəsi cari ildə 290 min kubmetrdən artıq lildən təmizləmə işi görüb VİDEO

Biləsuvar, 24 dekabr, AZƏRTAC
Cari ildə Təzə Cənub Muğan, Köhnə Cənub Muğan və Maşın qolu kanallarında ümumilikdə 290 min kubmetrdən artıq lildən təmizlənmə işləri aparılıb. Hazırda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün adıçəkilən kanallar lildən təmizlənir.
AZƏRTAC xəbər verir ki, Cənub Muğan Kanalı İstismarı İdarəsi balansında olan 136 kilometr magistral kanallara xidmətini davam etdirir. Onun 46 kilometri beton üzlüklü, 90 kilometri isə torpaq məcralı kanaldır. Magistral kanallar üzərində 162 texniki qurğu var - 36-sı körpü, 38-i hidropost, 24-ü səviyyǝqaldırıcı qurğu, 62-si isə suburaxıcı qurğudur.
Tədbirlər planına uyğun olaraq kanallar üzərində olan hidrotexniki qurğularda Maşın qolu kanalında, Təzə Cənub və Köhnə Cənub Muğan kanallarında və istismar yollarında cari təmir işləri aparılır. Cənub Muğan Kanalı İstismarı İdarəsinin balansında olan Maşın Qolu Nasos Stansiyasında payızlıq əkinlərin suvarılmasının yaxşılaşdırılması məqsədi ilə təmir işləri davam edir. Nasos stansiyasında olan 9 aqreqatın hər birinə baxış keçirilib və saz vəziyyətə gətirilib. Nasos stansiyası vasitəsilə Cəlilabad və Biləsuvar rayonlarında olan əkin sahələrinin suvarılması təmin edilir.
Qeyd edək ki, Cənub Muğan Kanalı İstismarı İdarəsi Biləsuvar, Cəlilabad, İmişli və Cəbrayıl rayonlarının 80000 hektardan artıq əkin sahələrinin suvarılmasına xidmət edir.