REGİONLAR
Üzüm bağından yaxşı məhsul əldə etmək üçün düzgün budama aparmaq vacibdir VİDEO








Cəlilabad, 26 dekabr, İlkin Adıyev, AZƏRTAC
Üzüm bağlarının qış becərilməsi gələcək yüksək məhsul üçün mühüm şərtdir və bu məqsədlə hazırda Cəlilabad rayonunun üzüm plantasiyalarında mühüm aqrotexniki tədbir olan quru budama işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsulun əsasını təşkil edən bar zoğlarının seçilib-saxlanılmasında təcrübəli üzümçülərlə yanaşı, mütəxəssis tövsiyələrindən də istifadə olunur.
Sahibkar Güloğlan Əliyev bildirib ki, yaxşı məhsul əldə etmək üçün düzgün budama aparmaq vacibdir. Bu işləri bitirdikdən sonra dərmanlama, cərgə araları şumlama və digər işlərə başlanılacaq.
Fermer qeyd edib ki, yerli əhali əkin zamanı məhsuldarlığı yüksək olan “Atika”, “Viktoriya”, “Kişmiş”, “Kardinal” kimi süfrə üzüm sortlarına üstünlük verirlər.
Rayonun ərazisində quru budamanın mart ayının əvvəlinədək yekunlaşması nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm Cəlilabadın üzüm bağlarında 1471 hektardan 22913 ton məhsul toplanılıb.