Ləzgi mətbəxi: Uşaqları soba başına yığan dadlı şakuka necə bişirilir? VİDEO















Qusar, 18 fevral, Elxan Yusifli, AZƏRTAC
Şakuka ləzgi mətbəxinin dadlı və tez hazır olan təamlarındandır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu yemək adətən ləzgi çörəyi bişirilən zaman hazırlanır. Şakuka ləzgilərin xar (orijinal adı “khar”) adlandırdığı sobada bişirilir.
Əvvəlcə çörək üçün xəmir yoğurulur, kündələr hazırlanır. Kündələrdən biri yayılaraq sobaya qoyulur. Çörək tam bişməmiş sobadan götürülür. Kənarları dairəvi formada içəri qatlanır. Bundan sonra çörəyin üzərinə yumurta, pendir, göyərti, duz və istiotdan ibarət qarışıq əlavə olunur. İçi doldurulmuş məcməyi formasındakı çörək yenidən sobaya qoyulur. Qaynar alovun təsiri ilə bişən şakuka beş dəqiqə ərzində hazır olur.
Qusarın Hil kənd sakini Roza Xəlilova bildirir ki, şakuka xüsusilə uşaqların sevimli yeməyidir.
“İndi şakuka az bişirilir. Əvvəllər isə hər dəfə çörək bişiriləndə birinci şakuka hazırlanardı. Uşaqlar sobanın ətrafına yığılıb şakuka paylarını gözləyirdilər. Şakuka bişən kimi dilimlənib balacalar arasında bölünərdi. Həm tez əmələ gəlir, həm də tərkibində göyərti, yumurta var deyə tutumlu və xeyirlidir”,- deyə Roza Xəlilova söyləyib.
Şakukanın çörəyi və üzərinə əlavə olunan içliyi zövqə görə dəyişə bilər.