CƏMİYYƏT
Əhməd İsmayılov: Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılması ölkəmizdə plüralizmin bariz sübutudur VİDEO
Bakı, 25 may, AZƏRTAC
Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida dialoq platforması” çərçivəsində media qurumlarının rəhbərləri ilə keçirilən görüşdə deyib.
Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutu olduğunu vurğulayan Əhməd İsmayılov media sahəsində islahatların əsas məqsədinin bu mühitin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəldiyini qeyd edib.