50 ilə yaxındır mühərrik təmiri ilə məşğul olan Xuraman Məmmədova: İki ildən sonra işdən ayrılacağam VİDEO
Yevlax, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax şəhər sakini Xuraman Məmmədova 50 ilə yaxındır elektrik mühərriklərinin təmiri ilə məşğuldur. O, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşənin sahibi olan bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələrək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib. Mühərrik təmiri peşəsinə sonsuz istəyi və möhkəm iradəsi zaman keçdikcə onu bu sahənin ən yaxşı ustalarından birinə çevirib.
“Maşınqayırma zavodunda işləyərkən elektrik avadanlıqlarının təmiri üzrə peşə təhsili də aldım. Bir müddət Şəki İpək Kombinatında, sonra Yevlax Yun Fabrikində işlədim. 1993-cü ildə fabrik bağlanandan bəri öz seximdə sevimli peşəmi davam etdirirəm. Hər gün bura gəlirəm, işimin başındayam. İşimi sevirəm. Əsasən su motorlarının, tozsoranların, paltaryuyan, ətçəkən maşınların və digər məişət texnikalarının təmiri ilə məşğulam. Başqa işlər təklif edilsə də, bu peşəyə sevgim olduğu üçün qəbul etməmişəm”, - deyə o qeyd edib.
Hazırda 68 yaşı olan Xuraman xanım deyir ki, iki ildən sonra həm 70 yaşını, həm də bu peşədə 50 illiyini tamamlayıb işindən ayrılacaq.
Hər gün çəkic, dəmir parçaları, mühərrik sarğıları ilə çalışan X.Məmmədova işdən sonra evdə övladlarının, nəvələrinin və sevimli çiçəklərinin qayğısına qalır. “Dörd övladım, 13 nəvəm var. Peşəmlə yanaşı ailəmi, nəvələrimi və güllərimi, çiçəklərimi də sevirəm. İşdən evə gedəndə nə qədər yorğun olsam da, həyətimdəki çiçəklərə qulluq edir, nəvələrimə qayğı göstərirəm”, - deyə X.Məmmədova bildirib.