28 May – Respublika Günü Ağcabədidə təntənə ilə qeyd edilib
Ağcabədi, 28 may, AZƏRTAC
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı gündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Ağcabədidə də təntənə ilə qeyd edilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar.
Şəhidlər xiyabanında ucaldılan abidə kompleksi önündə davam edən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən həvəskar aktyorluq və bədii qiraət kursunun üzvləri “Azadlıq nəğməsi” adlı əbədi-bədii kompozisiya nümayiş etdiriblər. Sonra tədbir iştirakçıları - rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və N saylı hərbi hissənin əsgərləri abidə kompleksini ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda fədakarlıq göstərən Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.