28 May - Respublika Günü Yekaterinburqda da qeyd olunub





Yekaterinburq, 30 may, AZƏRTAC
Yekaterinburqda 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə yüksəksəviyyəli rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, tələbələr iştirak ediblər.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İskəndərov çıxışında 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa dövr ərzində keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verib. O, habelə 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin yaradılmasından danışaraq qeyd edib ki, bu il Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi qeyd olunur.
Diplomat ölkəmizin 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi nailiyyətlər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar və bu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik qərarları sayəsində Azərbaycanın dünyanın aparıcı dövlətlərdən birinə çevrilməsindən söz açıb. Baş konsul Azərbaycan və Rusiya prezidentləri arasında səmimi dostluğun, xalqlarımız arasında isə tarixən sıx mədəni, elmi və iqtisadi əlaqələrin mövcudluğunu qeyd edib. O, Azərbaycan ilə Sverdlovsk vilayəti arasında əməkdaşlıq əlaqələri mövzusuna toxunaraq, region rəhbərliyinin 2014-cü ildə ölkəmizə səfərini xatırlayıb və Ural regionu ilə Azərbaycan arasındakı münasibətlərin perspektivlərindən danışıb.
Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov Azərbaycan xalqını bu əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb. O, Rusiya ilə Azərbaycan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edib, dövlətlərimiz arasında əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb. Diplomat iki ölkənin regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini də bildirib. A.Xarlov, habelə Rusiya və dünya tarixində silinməz iz qoymuş görkəmli elm və mədəniyyət nümayəndələri, həmvətənlərimiz Fərman Salmanovun və Müslüm Maqomayevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb.
Tədbirdə Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin və Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkinanın təbrik məktubları oxunub.
Mərasim bədii proqramla davam edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq