28 May hər bir azərbaycanlı üçün milli iftixar günüdür
Bərdə, 28 may, AZƏRTAC
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşı üçün milli iftixar günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə rayon Heydər Əliyev Mərkəzində 28 May - Respublika Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyub, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində böyük xidmətləri olmuş dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan, XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıb.
Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, uşaq gənclər idman məktəbinin direktoru Aynurə Əyyubova, gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli çıxışlarında Azərbaycanın dövlətçilik tarixində Xalq Cümhuriyyətinin xüsusi yer tutduğunu vurğulayıb, cəmi 23 ay yaşamış hökumətin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən bəhs ediblər.
Tədbirdə respublika və beynəlxalq idman yarışlarında qalib gəlmiş bərdəli idmançıların bir qrupuna medal və diplomlar təqdim edilib. Bərdə şəhər 8 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin hazırladıqları kompozisiya nümayiş olunub.
Sonra şəhərin mərkəzi meydanında rayonun incəsənət ustalarının konserti olub.