31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Paytaxtın 147 nömrəli texniki-humanitar liseyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Məktəbin direktoru, Əməkdar Müəllim Həlimə Mehdiyeva bildirmişdir ki, zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər.
Hadisələr zamanı ölkəmizin şəhər və kəndləri xarabalığa çevrilmiş, minlərlə soydaşımız öldürülmüşdür. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir.
Qeyd olunmuşdur ki, bu həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Məktəbin tarix müəlliməsi Güntəkin Məmmədova “31 Mart soyqırımı” mövzusunda çıxış etmişdir. O demişdir ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə daşnak erməni silahlı dəstələri mənfur planlarını həyata keçirmişlər. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir. 1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan torpaqlarından qovulmuşdur.
Tədbirdə şagirdlər hadisə ilə bağlı fikirlərini bildirmiş, bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulamışlar.
Sonda məktəblilərin ifasında “31 Mart soyqırımı” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.