CƏMİYYƏT
Kembric Universitetinin tədqiqatçısı: COP29 dialoq baxımından qlobal səviyyədə dönüş nöqtəsi olacaq EKSKLÜZİV VİDEO
Kembric, 22 oktyabr, AZƏRTAC
“Mən Bakıda keçiriləcək COP29-un böyük əhəmiyyət kəsb edəcəyinə əminəm. Bu tədbir qlobal səviyyədə dönüş nöqtəsidir. İnsanlar artıq bir-birini dinləməyə və əməkdaşlıq etməyə hazırdırlar və bu, dialoq üçün mükəmməl başlanğıc nöqtəsidir”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Kembric Mərkəzi Asiya Forumunun tədqiqatçısı və Kembric Universitetinin Volfson Kollecində tədqiqat şəbəkələri üzrə meneceri Prajakti Kalra COP29-un elmi-praktik aspektlərinə həsr olunmuş panel müzakirəsindən sonra söyləyib.
Kalra COP tədbirlərinin qlobal səviyyədə önəm daşıdığını vurğulayıb: “Bütün dövlətlər və cəmiyyətlər arasında kollektiv və qlobal həll yolları tapmalıyıq. Bu proses hamımıza aiddir. Fərdlər olaraq ehtiyaclarımızı ifadə etmək imkanı hər zaman olmur, lakin siyasi liderlərimiz və dünya dövlət rəhbərləri bu mövzuda mütləq iştirak etməlidirlər”.
Paneldəki çıxışı zamanı Prajakti Kalra Azərbaycanın Orta Asiya ilə Qafqazın tarixindəki yerindən, onların keçmişdə iqlim dəyişikliyi ilə necə üzləşdiklərindən bəhs etdiyini deyib: “Mən tarixçiyəm və ixtisasım XIII əsr Monqol imperiyası ilə bağlıdır. Keçmişdə iqlim dəyişikliyi ilə necə mübarizə aparıldığını və köçərilik anlayışının bu məsələdə hansı rolu oynadığını vurğuladım. Bir çox insan Azərbaycanın COP29-a ev sahibliyi etməsinə təəccüblənir, lakin tarixən bu bölgə iqlim və ətraf mühit problemlərinin həllində həmişə mərkəzi rol oynayıb. Bu, sivilizasiyanın beşiyidir”.
Kalra əlavə edib ki, Azərbaycan İpək Yolunun mərkəzi olaraq tarixi əhəmiyyət daşıyıb: “Azərbaycanın COP29, iqlim dəyişikliyi və qlobal problemlər üzrə müzakirələrə rəhbərlik etməsi tam təbii bir addımdır”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London