MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası “Şən, əyləncəli mütaliə” mövzusunda tədbir keçirmişdir
Bakı, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Bilik günü və “Sülh aylığı” çərçivəsində Nəsimi rayonunda yerləşən Koala parkında “Şən, əyləncəli mütaliə” mövzusunda tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Koala parkı görkəmli şəxsiyyətlərin biliklə bağlı söylədikləri “Bilikdən nur alıram mən”, “Oxuya bilirsənsə hər insan bir kitabdır”, “Bilik sərhədsiz bir dənizdir”, “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər”, “Biliyə aparan yeganə yol – mütaliədir” kimi müdrik sözlər yazılmış plakatlar, “Kitablar mənəvi sərvətimizdir” adlı şüar və şarlarla bəzədilmişdir.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bildirmişdir ki, tədbirin məqsədi uşaqların kitaba, kitabxanaya maraqlarını artırmaq və mütaliəsini təşkil etməkdən ibarətdir. Diqqətə çatdırmışdır ki, kitabxana tərəfindən qarşıda bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında Respublika Uşaq Kitabxanası fəal iştirak edəcəkdir.
“Şən, əyləncəli mütaliə” tədbirində yeni nəşr edilmiş uşaq ədəbiyyatı nümayiş olunmuş, qatara, yelləncəklərə minən uşaqlara kitablar və kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edilmişdir. Bütün tədbir iştirakçılarına kitabxananın bələdçisi və şirniyyatlı vizit kartı verilmişdir.
Kitablar sərginin “Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Sizin sevimli yazıçılarınız”, “Azərbaycan – yurdum mənim”, “Sənin maraq dünyan”, “Kitablarda mən hələ baxıram şəkillərə...”, “Çox oxuyan, çox bilər”, “Biri var idi, biri yox idi”, “Məktəb proqramına kömək”, “Hər obada, hər bir eldə, qanad açsın sülh sözü, üzü gülsün insanların, bayram etsin yer üzü” mövzulu bölmələrində nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları “Şən, əyləncəli mütaliə” etməklə ədəbiyyatşünas, pedaqoq, uşaq folklorunun ən görkəmli nümayəndəsi Firudin bəy Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanası haqqında geniş məlumat əldə etmişlər.