Məntiq olimpiadasında rayon birincisi olan samuxlu “Qaraca çoban” VİDEO
Samux, 3 mart, Elcan Məmmədov, AZƏRTAC
Samux rayonunun Çobanabdallı kəndində yaşayan 13 yaşlı Arzu Qədimovun sosial şəbəkələrdə həm kitab oxuyub, həm də sürü otararkən paylaşılan şəkli izləyicilər tərəfindən böyük marağa səbəb olub. Valideynlərinin paylaşdığı fotoda balaca Arzunu görənlər onu “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanlarından olan “Qaraca çoban”a bənzədiblər.
Balaca qəhrəmanı yaxından tanımaq üçün AZƏRTAC-ın bölgə müxbiri Samux rayonunun Çobanabdallı kəndində olub.
Həsən bəy Zərdabi adına tam orta məktəbin 7-ci sinif şagirdi olan Arzu biz rayona çatanda dərsdə idi. Fürsətdən istifadə edərək, onun müəllimləri ilə həmsöhbət olub, dərslərinə çalışqanlığı ilə maraqlandıq.
Məktəbin direktoru Arzu Kərimov çalışqan şagirdlərdən olan Arzu Qədimovun ötən il Lütfi Zadə adına məntiq olimpiadasında rayon birincisi olduğunu deyib: “Arzu çalışqan, vətənpərvər və təbiəti çox sevən şagirddir. Təbiətə və heyvanlara olan sevgisinə görə dərsdən sonra təsərrüfat işlərində valideynlərinə kömək edir. Onun bu çalışqanlığı valideynlərinin diqqətindən yayınmayıb və çəkilən fotosu qısa zaman ərzində böyük izləyici kütləsinin marağına səbəb olub. Arzu məktəbdə də dərslərinə çox yaxşı hazırlaşır. Riyaziyyat fənnini çox xoşlayır, hətta rayonda keçirilən olimpiadada birinci olub”.

Dərsi bitdikdən sonra Arzu dərhal evə yollanır. O, ev tapşırıqlarından öncə təsərrüfatla maraqlanır. Həyət-bacada valideynlərinə kömək edən bu balaca ev heyvanlarına bağlılığı ilə də seçilir. Elə buna görə də ona samuxlu “Qaraca çoban” ləqəbi veriblər. Deyir ki, heyvanlar onun yaxın dostudur. Dostlarının qayğısına qaldıqdan sonra çox vaxt elə onların yanında ev tapşırıqları ilə məşğul olur.
“Ən sevdiyim fənlər sırasında Riyaziyyat və Azərbaycan dili fənləri gəlir. Dərs oxumağı və müəllimlərimi çox sevirəm. Dərsdən sonra valideynlərimə kömək edir, heyvanları yemləyir, onların qayğısına qalıram. Xüsusilə, kənd həyatını və təbiəti çox sevirəm. Ən böyük arzum böyüyüb həkim olub, xəstələri sağaltmaqdır. Ona görə dərslərimi yaxşı oxuyur, çox çalışıram”, – deyə balaca Arzu öz arzularını dilə gətirir.
Arzunun müəllimləri və valideynləri inanırlar ki, o, gələcəkdə Vətəninə və ailəsinə layiqli övlad kimi yetişəcək. Onun öyrənmək arzusu və təbiət sevgisi bir çoxlarına örnək olacaq.