ADPU-da Təhsil ixtisasları qrupu üzrə işçi qrupunun iclası keçirilib VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyanın tərkibində formalaşdırılmış Təhsil ixtisasları qrupu üzrə işçi qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Təhsil ixtisasları qrupu üzrə işçi qrupunun üzvləri, ali təhsil müəssisələrinin təmsilçiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşü açan işçi qrupunun həmsədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərliyi ilə yaradılan Komissiya müxtəlif işçi qruplarından ibarətdir. Bu qruplardan biri də Təhsil ixtisasları qrupudur. İlkin işçi qrupu 21 ali təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyətindən ibarət 106 nəfərdən, həmçinin əmək bazarını təmsil edən 38 nəfərdən formalaşdırılıb. Rektor müasir dövrün dəyişən tələbləri və inkişaf tendensiyasının tədris prosesinin ümumi məzmununda dəyişiklikləri zəruri etdiyini vurğulayıb. O əlavə edib ki, yeni təhsil proqramlarının hazırlanması ilə bağlı yaradılmış işçi qrupların üzərinə böyük məsuliyyət düşür.
Daha sonra iclasın gündəliyi təsdiq edilib.
İşçi qrupunun həmsədri, “Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadıqov çıxış edərək mövcud təhsil proqramlarının əmək bazarının tələbləri ilə uyğunluğu və yeni proqramların prioritetləri barədə danışıb. ADPU-nun tədris işləri üzrə prorektoru, işçi qrupunun üzvü dosent Eldar Aslanov diqqətə çatdırıb ki, işçi qrupunda pedaqoji ixtisasların tədris edildiyi və pedaqoji kadr hazırlığı üzrə ixtisaslaşmış 21 ali təhsil müəssisəsi təmsil olunur. E.Aslanov bildirib ki, ali təhsil müəssisələri təklif və təqdimatlarını formalaşdırmaq üçün öz daxilində alt-işçi qrupları yarada bilərlər.
İclasda Təhsil ixtisasları qrupu üzrə işçi qrupunun tam tərkibinin müəyyənləşdirilməsi, həmçinin işçi qrupunun iş planı və reqlamenti ilə bağlı təkliflər səsə qoyularaq qəbul edilib.
Sonra magistratura səviyyəsində pedaqogika ixtisası üzrə ixtisaslaşmaların ilkin layihəsi müzakirəyə çıxarılıb. İşçi qrupunun üzvləri rəy və təkliflərini bildiriblər. Müzakirələrdə işçi qrupunda təmsil olunan ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri də çıxış edərək öz təkliflərini səsləndiriblər.
Görüş işçi qrupunun üzvlərinin müzakirələri, təklifləri və sərbəst çıxışları ilə davam edib.