Nazir müavini: Uşaq yaradıcılıq festivalı türk xalqları arasında dostluq əlaqələrini möhkəmləndirir VİDEO
Şuşa, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşada üçüncü ildir ki, keçirilən beynəlxalq uşaq yaradıcılıq festivalının türk xalqları uşaqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük əhəmiyyəti var.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
“Festivalda türkdilli xalqlardan olan uşaqlar öz ölkələrinin mədəniyyətini, incəsənətini, tarixini nümayiş etdirirlər. Eyni zamanda bu ölkələrin uşaqları arasında dostluq əlaqələri möhkəmləndirilir. Onlar, həmçinin Azərbaycanın mədəniyyəti, incəsənəti, adət-ənənələri, mətbəxi, təbiəti ilə tanış olurlar. Xüsusən Şuşaya gələrkən işğaldan azad olunmuş torpaqlarda olan vəziyyəti öz gözləri ilə görürlər”, - deyə nazir müavini bildirib.