“366 gün və ya uzun ilin inancı” kitabının təqdimatı olub
Bakı, 21 iyun, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Dilarə Adilovanın “366 gün və ya uzun ilin inancı” kitabının təqdimat mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin iştirakçıları müəllifin müraciət etdiyi memuar janrının xüsusiyyətlərindən, janra gətirdiyi yeni meyillərdən, fərqli üslubundan danışıblar. Tədbirin aparıcısı filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov əsərin yazı tərzini “alışmadığımız bir üslub” adlandıraraq bədiiliklə memuar ədəbiyyatının ustalıqla bir araya gəlməsindən danışıb. Filologiya elmləri doktoru Əlizadə Əsgərli yazıçının yaradıcılığından söhbət açaraq romanı yüksək qiymətləndirib.
Filologiya elmləri doktorları Sara Osmanlı və Vüqar Əhməd, tarix elmləri doktoru Tahirə Həsənzadə, filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı, Aslan Salmansoy, Fəridə Hicran, Əkrəm Bağırov, Hicran Nəsibova, Güldəniz Qocayeva, Aygün Bağırlı, Günay Qarayeva, Təranə Aslanova və başqaları Dilarə Adilgilin yaradıcılığının özünəməxsusluğundan, bənzərsizliyindən, maarifçilik xüsusiyyətlərindən, təhkiyəçi obrazından, oxucunu arxasınca çəkib aparan dilindən bəhs edərək “366 gün və ya uzun ilin inancı” əsərini yüksək dəyərləndiriblər.
Kitab dünya tarixində əbədi qalacaq 2020-ci ilə həsr edilib. Professor Bədirxan Əhmədov nəşrə “Ön söz” yazıb. Roman oxucunu addım-addım irəli apararaq pandemiyadan, böyük Zəfərdən keçirib ilin sonuna gətirir.