“Keşikçidağ” ilə Qazaxıstanın “Həzrət Sultan” qoruqları arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO
Ağstafa, 26 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Qazaxıstanın "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, memorandumu "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev və Qazaxıstanın "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun rəhbəri Nurlan Dukenbayev imzalayıblar.
Tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı elmi-mədəni əlaqələrin inkişafını və müştərək tədqiqatların aparılmasını nəzərdə tuturlar. Eyni zamanda, iki qoruğun təşəbbüsü ilə müxtəlif ölkələrdə birgə sərgilərin təşkili nəzərdə tutulur ki, bu da əldə olunan nəticələrin geniş auditoriyalara çatdırılmasına və beynəlxalq elmi ictimaiyyətin diqqətinin cəlb edilməsinə imkan verəcək.
Bundan əlavə, tərəflər gələcəkdə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində elmi-arxeoloji qazıntıların və yay məktəbinin təşkilini planlaşdırırlar ki, bu da gənc tədqiqatçıların təcrübə qazanmasına və beynəlxalq səviyyədə elmi inteqrasiyaya böyük dəstək olacaqdır.