Nazir: Toxumçuluğun kənd təsərrüfatında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rolu var VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Toxumçuluğun kənd təsərrüfatında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rolu olduğu üçün daim bəşəriyyətin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişiklikləri ilə əlaqədar Azərbaycanda iqlimədavamlı toxum sortlarının yetişdirilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır.
“Toxumçuluğun inkişafı üçün normativ-hüquqi bazanın yaradılması istiqamətində atılan addımlar sırasında “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun hazırlanmasını qeyd etmək lazımdır. Fermerlər və fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olanların sertifikatlaşdırılmış, keyfiyyətli toxumla təmin olunması da əhəmiyyətlidir və bu iş nazirlik tərəfindən uğurla həyata keçirilir. Taxılçılıqda toxum tələbatının 50 faizə qədəri yerli istehsal hesabına ödənilməlidir ki, bu da idxaldan asılılığa son qoymaqla yanaşı istehsal potensialını və ixrac imkanlarını artırır”, - deyə nazir vurğulayıb.