MƏDƏNİYYƏT


“Uşaq kitab karvanı- Şirvan yolunda” səyyar sərgisi Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarını əhatə edəcəkdir

Bakı, 29 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş uşaq və yeniyetmələr üçün “Uşaq kitab karvanı - Şirvan yolunda” mövzusunda səyyar kitab sərgisi keçirəcəkdir.

Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, səyyar kitab sərgisi noyabrın 4-dən 8-dək davam edəcəkdir.

Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.4.1 bəndində nəzərdə tutulan respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həllindən irəli gələn vəzifələr çərçivəsində həyata keçirilir.

Tədbirdə Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS) uşaq şöbələrinə nəşriyyatların son illərdə çap etdikləri uşaq kitabları ilə kömək nəzərdə tutulmuşdur.

Kitab karvanında uşaq yazıçılarından İlyas Tapdıq, Zahid Xəlil, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Reyhan Yusifqızı, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə iştirak edəcəklər.

“Uşaq kitab karvanı - Şirvan yolunda” tədbirinin məqsədi respublikanın şəhər və rayon MKS-nin mərkəzi kitabxanalarında və filiallarında uşaq ədəbiyyatının azlığını nəzərə alaraq, səyyar sərgilərlə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etməkdir. Həmçinin səyyar sərgilərin keçiriləcəyi rayonlarda kənd uşaqlarının oxu ehtiyacını təmin etmək, kitab karvanının keçəcəyi yerlərdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, uşaqların asudə vaxtlarının təşkilində böyük xidmətləri olan kitabxanaların müsbət imicinin artırılmasına kömək etmək də tədbirin məqsədlərindəndir.

Səyyar sərgilər hər rayonda Heydər Əliyev adına parkda, muzeydə təşkil olunmaqla axşam saat 21:00-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.