Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın “Missiya” kitabının təqdimatı keçirilib VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Prezident Kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Prezident Kitabxanasının direktoru professor Afət Abbasova kitabın Azərbaycan elmi və mədəni mühitindəki əhəmiyyətini vurğulayıb, müəllifin zəngin elmi fəaliyyətini və Azərbaycan dilinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
Monoqrafiyada ədəbiyyat və dilçilik prizmasından yanaşılaraq Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun dövlət dili səviyyəsinə qaldırılması, ədəbiyyat və mədəniyyətin qorunması, milli kimlik və təhsil sahəsində atdığı addımlar elmi və tarixi kontekstdə təqdim olunub. Kitab, həmçinin milli maarifçilik, dövlətçilik və mədəni irsin qorunması baxımından dəyərli töhfədir.
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, deputatlar Qaya Məmmədov, Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, ABŞ Şimali Karolina Universitetinin professoru Əli Əsgərov çıxış edərək kitabın elmi əhəmiyyətini, Ulu Öndərin strateji rolunun əsərdə əks olunmasını və onun ideallarının indiki və gələcək nəsillər üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda professor Mahirə Hüseynova kitabın ideya mənbələrindən, araşdırma metodlarından və məqsədindən danışıb. O, monoqrafiyada Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli dövlətçiliyimizin formalaşması və xalqın mənəvi, mədəni dirçəlişi yolunda ömrünü və fəaliyyətini həsr etmiş Ulu Öndər Heydər Əliyev irsini dərindən tədqiq etdiyini qeyd edib. Kitabda Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti, elm, maarif, mədəniyyət və dil siyasətindəki xidmətləri sistemli şəkildə təhlil olunub.
Sonda professor Mahirə Hüseynova “Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” və “Ümummilli Liderin ədəbiyyat strategiyası” adlı kitablarını Prezident Kitabxanasına hədiyyə edib.