Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda yaxşı nəticələr qazanacağımıza inanıram - AÇIQLAMA VİDEO
Qusar, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Biz “Şahdağ”da ilboyu hazırlıq keçirik. Yayda dağlarda qaçırıq, velosiped sürürük, qışda isə xizəklə məşq edirik. Çox sevinirik ki, qış mövsümü başladı. Bu il Azərbaycan Qış İdmanı Növləri Federasiyasının dəstəyi ilə Avropada bir sıra beynəlxalq yarışlarda iştirak edəcəyik. Amma əsas yarışımız gələn ilin mart ayında Şahdağda olacaq. Xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna hazırlaşırıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycanın xizək alpinizmi üzrə milli komandasının üzvü Nəzrin Qəribova söyləyib.
İdmançı bildirib ki, Şahdağda hazırlıq üçün hər bir şərait var: “Həm idman, həm xizək məşqləri üçün əla imkanlar var. Komandamız yeni qurulsa da, Dünya Kubokunda yaxşı nəticələr qazanacağımıza inanıram”.
Qeyd edək ki, 2026-cı ilin qış mövsümündə “Şahdağ” xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku ilə yanaşı, moqul üzrə Dünya Kubokunun final mərhələsinə də ev sahibliyi edəcək.